Tarixi faktlar təhrif olunursa... - ARAŞDIRMA
Tarixi faktlar təhrif olunursa... - ARAŞDIRMA

Tarixi faktlar təhrif olunursa... - ARAŞDIRMA 331

  • 01.10.2013 20:35

Son vaxtlar teatr və kino üçün tarixi mövzuda yazılan əsərlərin bədii səviyyəsi necədir?

“Möhtəşəm yüzil” serialı ekranlara çıxanda Türkiyə alimləri və ictimaiyyəti ekran əsərində tarixi faktların təhrif olunmasından şikayətləndi. Hətta Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Osmanlı imperiyasının qızıl dövrünü əks etdirən serialla bağlı iradlarını bildirərək türk tarixinin təhrif olunduğunu qeyzlə dilə gətirdi. Azərbaycan tarixçiləri arasında da türk tarixini saxtalaşdırmaq baxımından filmi "möhtəşəm zəhər" adlandıranlar oldu. Əsas narahatçılıq isə filmin müasir türk gənclərində türk tarixinin ən şanlı səhifələrinə nifrət hissi aşılaya biləcəyi ilə bağlı idi. “Sultan Süleyman kimi dünyanın böyük tarixi şəxsiyyətini heçə endirib türk gəncinə öz tarixinə qarşı nifrət hissi aşılamaq olmaz. Tarix filmdə təhrif olunur. Bu isə filmin baxımlılığına xələl gətirir ”- deyə fikirlər hələ də səslənməkdədir.

Azərbaycanın kino və teatr tarixinə, o cümlədən, ədəbiyyatımıza nəzər salsaq, bizdə də tarixin ayrı-ayrı dövrlərindən, müxtəlif tarixi şəxsiyyətlərin həyat yolundan bəhs edən ekran və səhnə əsərləri, o cümlədən ədəbi əsərlər kifayət qədərdir. Amma demək olmaz ki, həmin əsərlər dövrünün alimləri, tənqidçilər və ya auditoriya tərəfindən birmənalı qarşılanıb və ya mükəmməl bədii və ya səhnə həllini tapıb.

Son illər təqdim olunan tarixi ekran əsərləri içərisində daha çox “Cavad xan” və “Hökmdarın taleyi” ilə bağlı birmənalı olmayan fikirlər səslənir. O cümlədən, Akademik Milli Dram Teatrın səhnəsində Kamal Abdullanın "Şah İsmayıl və ya hamı səni sevənlər burdadır" tamaşasının tarixi faktlardan uzaq olması ilə bağlı söylənənlər əsərin səhnə həllinin mükəmməl olmamasını üzə çıxardı. Elə həmin teatrın səhnəsində Əli Əmirlinin “Şah Qacar”ına gəlincə, yenə də oxşar fikirləri eşitdik.

Maraqlıdır, tarixi əsərlərə müraciət edərkən əsərin mükəmməl bədii həllinə nail olmaq daha çox kimdən asılıdır – rejissordan, yoxsa ssenari müəllifindən? Və ya sənət əsərlərində tarixin təhrifinə yol vermək olarmı?

Tarixi filmlər zəifdir

AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmov tarixi hadisələrin filmlərdə reallığı əks etdirməməsini təəssüflə bildirir: “İstər televiziya işçiləri olsun, istərsə də yazıçılar və şairlər - onların çoxu xəyalpərəst olur. Beyinlərində nə tuturlarsa, onu da üzə çıxarmağa çalışırlar. Amma reallıq, tarixi həqiqət bunu tələb etmir. Tarix onu sevir ki, onunla bağlı heç bir faktda yalan danışmayasan. Nə varsa, onu olduğu kimi göstərməlisən. Acı da olsa, onu elə vermək lazımdır. Bizim əlimizdə 26-lar, İrəvan şəhərinin verilməsi, Bakının 11-ci ordu tərəfindən işğalı və s. ilə bağlı materiallar var ki, onların dəqiqliyi indiyə qədər deyilməyib”. Tarixçi alim qeyd edib ki, çəkilən tarixi filmlər tarixi hadisələri əks etdirmək baxımından zəifdir: “Sabir Rüstəmxanlı Cavad xanla bağlı ssenari yazanda Tarix İnstitutuna gəldi. Biz ona tarixi əks etdirən sənədləri təqdim edəndə "mən heç bunları bilmirdim" - dedi. Ancaq bu filmdəkilər tamam başqa şeydir. Yəni yazıçının xəyalındakı şeylər tam ayrıdır. Sonradan bizi filmin təqdimatına da dəvət etmədilər ki, onların yalanlarını üzə çıxaracağıq. Çünki filmdə elə məqamlar var ki, onları şişirtməyə ehtiyac yoxdur”.

Sovet dövründə çəkilən tarixi filmləri xatırlayan C.Bəhramov "Dədə Qorqud", "Axırıncı aşırım", "Babək", "Nizami" və s. kimi tarixi filmlərin o dövrdə mütəxəssislərin rəyindən sonra ekranlara çıxdığını söylədi: “Məsələn, rəhmətlik Ziya Bünyadov Babək, Dədə Qorqud və ya Nizami ilə bağlı fikirlərini bildirirdi. Rejissorlar da bu fikirlərin əsasında filmi çəkirdilər. İndi isə hər hansı bir yazıçının uydurması əsasında film çəkilir. Heç bir elmi məsləhət də nəzərə alınmır. Tarixi filmlərdə elə məqamlar var ki, onların dili ilə tarixi həqiqəti olduğu kimi göstərmək olar. Ancaq bunları nəzərə almırlar. Bütün bunlar Azərbaycan xalqının tarixi taleyi ilə bağlı məsələlərdir”. C.Bəhrəmov hesab edir ki, bu gün Azərbaycanı daxildə və xaricdə gözügötürməyən qüvvələr olduğundan tarixi məsələləri təqdim edərkən real faktlara istinad etmək lazımdır ki, millət özünü tanısın. “Əgər alimlər həmin tarixi həqiqətləri çıxarıb ortaya qoyurlarsa, yazıçının da, rejissorun da borcu onları dərindən öyrənmək, yazmaq və olduğu kimi ekranlaşdırmaqdır".

Tarixçi alim, həmçinin bu günlərdə təqdimatı keçirilən xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" ssenarisi əsasında çəkilən eyniadlı filmə də toxunub: "Ədəbiyyatda "Əsli və Kərəm" dastanı vardı. Elə əsəri yazmağa ehtiyac yoxdur. Bu Məryəmlər millətin başına azmı oyun açıblar?"

Fakt faktlığında qalır, amma...

"Bizim kino elə səviyyədə deyil ki, konkret faktlarla danışsan, kimsə inciyəməyəcək", - deyən yazıçı Natiq Rəsulzadənin fikrincə, tarixi mövzuya müraciət edən yazıçının çiyinlərinə böyük yük düşür. O baxımdan ki, kino böyük təbliğat vasitəsidir. "Müəllif üçün əsas məsuliyyət tarixi faktları yaxşı bilməsidir. Tarixi fakt çərçivədir. Yazıçı faktları yaxşı mənimsəməlidir ki, həmin çərçivə daxilində yaxşı yaza bilsin. Tarixi janrda heç zaman hansısa bir faktı uydurmaq və ya müəllifin fakta istədiyi istiqaməti verməsi yolverilməzdir. Ona görə də bizdə həm tarixi mövzuda yazan yazıçılar, həm də bu mövzuda film çəkən rejissorlar azdır”. N.Rəsulzadə hesab edir ki, tarixi janrda əsər yazmaq böyük məsuliyyət olmaqla yanaşı, həm də böyük çətinlikdir. “Ola bilsin ki, hansısa bir faktı rejissor və ya ssenari müəllifi bəyənmir, onu dəyişmək və ya üstündən keçmək istəyir. Bu, düzgün deyil. Fakt çox mühüm amildir. Sən hansı yozumu verirsənsə ver, fakt yerində qalır. Xoşuna gəldi və ya gəlmədisə, bu faktdır – gərək onun ətrafında işləyəsən. Məsuliyyət də bundan ibarətdir".

Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev hesab edir ki, tarixi filmlərə müraciət olunması kino janrı kimi vacibdir: “Tarixi film həm çox maliyyə vəsaiti, həm də təşkilati baxımdan qüvvə tələb edir. Bizdə isə bir az vəziyyət başqadır. Tam mükəmməl bir tarixi əsər əsasında tarixi filmin ortaya çıxmasını gözləmək mümkün deyil. Müəllif filmləri, kamera filmləri yaratmaq mümkündür. Hərçənd mən bunlara da şübhə ilə yanaşıram. Amma tarixi hadisələri əks etdirən miqyas və döyüş filmlərini ekrana gətirən tarixi filmləri gözləmək düzgün olmaz. Məsələn, rejissor Elxan Cəfərovun "Dolu" filmi müharibənin mövzusunu göstərmək baxımından yox, kütləvi səhnələrin çəkilişi, döyüş anlarının nümayişi baxımından yaxşı çəkilib”. H.Mehdiyevin fikrincə, bizdə yaxşı filmlərin ortaya çıxması üçün peşəkar prodüser olmalıdır. “Hələlik isə ölkəmizdə yaxşı prodüserlər yoxdur. Ona görə də bizdə "məmur kino"su çəkilir. Bu baxımdan, yaxşı ekran əsəri gözləmək ümidsizdir".

Müəllifin uydurması

Akademik Milli Dram Teatrda sonuncu tarixi əsərin "Ağa Məhəmməd şah Qacar" olduğunu bildirən xalq artisti Mərahim Fərzəlibəyovun fikrincə, heç bir bədii əsər tarixi olduğu kimi əks etdirmir. “Bədii əsər olduğuna görə müəllif tərəfindən müəyyən hadisələr uydurulur, faktlar gizlədilir. Ona görə də bədii əsərə tarixi əsər kimi baxmaq düzgün deyil. Mən inanıram ki, Nizami Gəncəvinin həyatı da "Qılınc və qələm"də tarixi hadisələrlə o qədər uyuşmur. Mən vaxtilə Nəriman Həsənzadənin "Atabəylər" əsərini səhnələşdirdim. Bu əsərdə Ziya Bünyadovun yazdığı tarixi faktlarla yanaşı, bədii təfəkkür daha üstün yer tuturdu”. Rejissor hesab edir ki, tarixi əsərlər teatra daxil olanda ondan sırf tarixi baxımdan nə istifadə etmək olar, nə də o faktı dəstəkləmək. “Bir var, müəyyən səhnələri təhrif edəsən, bir də var özəyindən başlayaraq hər şeyi dəyişəsən. Məsələn, Səməd Vurğunun "Vaqif" əsərində hadisələrin çoxu müəllifin təfəkkürüdür. Amma ondan bir qədər əvvəl Yusif Vəzir Çəmənzəminli "Qan içində" romanını yazıb və orada Vaqifin həyatı ilə bağlı tarixi faktlara daha çox yaxınlaşıb. Cəfər Cabbarlı isə həmişə tarixi faktları göstərməyə çalışıb. Bədii əsərdə tarixi gözləmək lazım deyil. Çünki teatrda tamaşanın bədii həllinə daha çox yer verilir”.

M.Fərzəlibəyovun fikrincə, bu fikir müəyyən mənada həmçinin filmlərə də aiddir. “Ancaq filmin fərqli auditoriyası olduğuna, dünyaya yol tapdığına görə mən bir tamaşaçı kimi istərdim ki, hər hansı bir tarixi film faktlarla daha çox əhatə olunsun. Məsələn, Babək əsərini Ənvər Məmmədxanlı tarixi faktlarla yazmışdı. Amma bu özü də bədii təfəkkür məhsulu idi. Həmçinin "Nəsimi" filmi, həmçinin əfsanəvi boylardan ibarət olan Dədə Qorqud dastanı. Mən şəxsən istərdim ki, həm teatrda, həm də kinoda tarixi faktlar olduğu kimi qalsın. Tarixi faktı dəyişdirəndə istər kinoda, istərsə də tamaşada əsər bədii həllini mükəmməl tapmır. Orda bədii təfəkkür qalib gəlir. Ona da gərək teatr tamaşası və ya kino kimi baxaq”. N.Fərzəlibəyov hesab edir ki, indi böyüyən nəslin başı daha çox müasir texnologiyalara qarışdığından onların tariximizi öyrənməsi üçün filmlərin çəkilməsinə, tamaşaların qoyulmasına ehtiyacı var: "Bu gün gənclər internetlə, kompyuterlə çox oynayırlar. Onların tarixi öyrənməsinə ehtiyac var. Əlbəttə, mən istərdim ki, tarixi əsərlər tarixə yaxın olsun. Gənclərimiz də heç olmasa, kinolardan və teatrdan keçmiş və yaxın tariximizi öyrənsinlər. Buradan nəyisə qəbul etsələr, bu, bizim uduşumuzdur".

Kinoşünas Aydın Dadaşov hesab edir ki, dünyada tarixi hadisələri bütün gerçəkliyi ilə əks etdirən mükəmməl ekran əsəri yoxdur. Belə ki, qüsurlar həmişə var və qaçılmazdır. “Ekran sənətinin sənədli-elmi-publisistik növlərindən fərqli olaraq tarixi mövzulu bədii - oyun filmlərində ictimai-siyasi hadisələrin baş verdiyi kimi göstərilməsi mümkünsüzdür. Hər hansı sənət əsəri gerçəkliyin müəllif yozumu sayıldığından bədii-oyun kinosunda tarixi hadisələrə müəllif müdaxiləsinin obyektivliyi şərtidir. Tarixi mövzudakı komediya janrlı filmlərdə hadisələrə rişxəndli münasibət belə tamaşaçının tələbini əsas götürən modernizmin şərtlərindəndir. Bununla belə bədii-oyun filmlərində də akademik mənbələrə istinad olunması, obyektiv gerçəkliyin qorunması müəllifin sosial məsuliyyəti ilə bağlıdır”. Kinoşünasın fikrincə, postmodernist mühitdə tarixi hadisəni kontekstindən çıxarmaq, xronoloji ardıcıllığı itirmək kinoşirkətin, sənətkarın imicinə, filmi nümayiş etdirən telekanalın reytinqinə zərər vurduğundan sərfəli deyil. Böyük mənada modernizmin cəhdlərindən biri də formalaşmış dəyərlərin inkarı, metodlarından biri isə movizm- yəni qəsdən korlamadır, pisləmədir: “Bəşər tarixində mühüm rol oynayan kəsin başqa rakuslardan təhlilə cəlb edilməsi görünməyən, gizli qalan tərəflərinin açılması yolveriləndir. Çünki postmodernist mühitdə siyasi, iqtisadi, mədəni liderlər kütlənin yemi sayılır. Sadə insan isə kütlə marağı xaricindədir”. A.Dadaşov "Cavad xan", "Hökmdarın taleyi" filmləri ilə bağlı fikirlərini də qeyd edib. “Cavad xan insanları vətənpərvərliyə çağırmaqla əsas missiyasını yerinə yetirib. Amma Cavad xanın öngörənliyi barədə bir qədər israfçılığa varılıb”. Mükəmməl bir pyes əsasında çəkilən "Hökmdarın taleyi" filmində isə rejissor həlli baxımından qüsurlar sxematiktiklə bağlıdır. Bu filmdə ruh baxımından qüsurlar çoxdur. Hər halda ədəbi əsərlərin tirajı artıb".

Qeyd edək ki, istər ekran qarşısında oturan tamaşaçı, istərsə də zaldakı auditoriya həm tarixi hadisələr, həm aktyor oyunu, həm rejissor yozumu, həm rəssam, həm də bəstəkar işinin bir-birini tamamladığı işi istəyir. Yaradıcı heyət təqdim etdiyi materiala uydurma təxəyyülünü əlavə etsə belə, tarix təhrifi sevmir. Bəlkə də buna görədir ki, hələlik, tamaşaçı nə ekranda, nə də səhnədə mükəmməlliyə rast gəlmir... Hər halda, aparılan müzakirələr, tamaşaçı və ekspert rəyləri bunu deməyə əsas verir.

Klipler.tv


Facebook Like Box Widget